Bu gündən Azərbaycanda qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşdirilərək 65-ə çatdırılıb.
Bu dəyişiklik “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilən mərhələli artımın son addımıdır. Qanuna əsasən, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılırdı. Kişilər üçün isə pensiya yaşının 65-ə çatdırılması prosesi 2017-2021-ci illəri əhatə etmişdi.
Xatırladaq ki, sonuncu dəfə pensiya yaşı artırılaraq 64 il 6 ay müəyyən edilmişdi və bu göstərici 30 iyun 2026-cı ilədək qüvvədə idi.
Qanunvericiliyə görə, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün bir neçə şərt nəzərdə tutulub. Pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı minimum əmək pensiyası məbləğindən az olmayan təminata imkan verirsə, sığorta stajından asılı olmayaraq pensiya təyin edilir. Əks halda, ən azı 25 il sığorta stajı tələb olunur. Bu qayda 2017-ci il iyulun 1-dək pensiya təyin edilmiş şəxslərə şamil edilmir.
Pensiyanın məbləği fərdi hesabda toplanan pensiya kapitalına əsasən müəyyən olunur. Hazırda minimum pensiyanın məbləği 320 manatdır. Yaşa görə təyin edilən əmək pensiyası ömürlük verilir.