Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə iyulun 29-da XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır. Avqustun 3-dək davam edəcək tədbir Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə reallaşacaq.
Bu ilki musiqi bayramında Azərbaycanla yanaşı, Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan olan tanınmış ifaçılar, musiqi kollektivləri və rəqqaslar öz məharətlərini nümayiş etdirəcəklər.
Festivalın açılış mərasimi iyulun 29-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə olacaq. Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluğu ilə keçiriləcək gecədə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.
Festival proqramının növbəti günlərində Vyetnamın “Bronze drum” və Özbəkistanın “Bek” Doyraçılar ansamblları çıxış edəcək. Həmçinin Özbəkistanın “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistləri də səhnəyə çıxacaq.
İyulun 31-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək. Orkestrin bədii rəhbəri Əməkdar artist Emil Əfrasiyab, dirijoru isə Mustafa Mehmandarovdur. Həmin gün axşam tanınmış ifaçıların və muğam müsabiqəsi laureatlarının iştirakı ilə muğam gecəsi təşkil olunacaq.
Avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner “Kamera musiqi axşamı”nda öz ifasını təqdim edəcək. Gecə “Scorrendo” Orkestrinin ifasında “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsertlə davam edəcək. Mustafa Mehmandarovun dirijorluğu ilə “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Matrisa” və digər filmlərdən musiqilər səslənəcək.
Avqustun 2-də səhnə Bakı Musiqi Akademiyasının tələbələrinə həvalə olunacaq. Tamaşaçılar həmçinin Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblının və “Millenium” etno-estrada qrupunun çıxışlarını izləyə biləcəklər. Bundan sonra Qazaxıstandan olan sənətçilər Luvr kolleksiyasındakı qədim Şirvan xalçasından ilhamlanaraq hazırlanan “İki xalça” baletini nümayiş etdirəcəklər. Layihənin ideya və libretto müəllifi Valeri Kopeykindir.
Festivalın bağlanış mərasimi avqustun 3-də baş tutacaq. Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnəyə çıxacaq. Gecədə Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Samir Cəfərov, Əməkdar artistlər Elnarə Məmmədova, Sahib Paşazadə və digər laureatlar solo ifalarla çıxış edəcəklər.
2009-cu ildən bəri keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi olaraq dünya musiqisinin fərqli nümayəndələrini bir araya gətirir. Festival günlərində bütün konsert proqramlarına giriş sərbəst olacaq.