Orenburqun Mərkəzi rayon məhkəməsi yerli barın sahibini, administratorunu və art-direktorunu LGBT tədbirlərinin təşkilində təqsirli bilərək azadlıqdan məhrum edib. «İnterfaks»ın məlumatına görə, Rusiyada belə hökm ilk dəfə çıxarılır.
Məhkəmənin məlumatına əsasən, təqsirləndirilənlər «beynəlxalq LGBT ictimai hərəkatı»nın ekstremist təşkilat kimi tanındığını və fəaliyyətinin Rusiyada qadağan edildiyini bildikləri halda, «gecə klubunun işi adı altında» qeyri-ənənəvi cinsi oriyentasiyaya mənsubluğun nümayişi mövzusunda tədbirlər keçiriblər.
İş üzrə təqsirləndirilənlər arasında Başqırdıstanın iki sakini və bir orenburqlu var. Onlara ekstremist təşkilatın fəaliyyətinin təşkili və orada iştirak ittiham olunub. Onlardan heç biri günahını boynuna almayıb.
Məhkəmə iki il üç aydan yeddi ilədək ümumi rejimli koloniyada həbs, həmçinin səkkiz aydan bir il altı ayadək azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Barın təşkilatçılarına müəyyən fəaliyyətlə məşğul olmaq qadağan edilib. Bar sahibindən əldə etdiyi bir milyon rubldan çox gəlir tutulub.