İnnovasiya sahəsi üzrə Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində Şimon Peres Sülh və İnnovasiya Mərkəzini ziyarət edib. Təl-Əvivdə baş tutan görüş zamanı nümayəndələrə mərkəzin fəaliyyəti və İsrailin yüksək texnologiyalar sahəsindəki nailiyyətləri barədə ətraflı məlumat verilib.
Mərkəz İsrailin sabiq Prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peresin irsini yaşatmaq üçün yaradılıb. Qurumun əsas məqsədi innovasiya, texnologiya, təhsil və sahibkarlığı təşviq etməklə yanaşı, sülh və beynəlxalq əməkdaşlıq ideyalarını yaymaqdır.
Görüşdə Azərbaycan tərəfinə İsrailin "Startap ölkəsi" modelini əks etdirən interaktiv ekspozisiyalar təqdim olunub. Bu ekspozisiyalarda ölkənin elm, süni intellekt, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi və tibb kimi sahələrdə əldə etdiyi uğurlar nümayiş etdirilir.
Tərəflər arasında aparılan dialoq zamanı innovasiya ekosistemlərinin inkişafı, startaplara dəstək, texnologiya transferi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, innovativ həllərin kommersiyalaşdırılması məsələlərinə də toxunulub.
Görüşün yekununda gələcəkdə birgə layihələrin həyata keçirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Səfər çərçivəsində nümayəndə heyəti mərkəzin interaktiv sərgi zalları ilə də tanış olub.





