Aşura günü münasibətilə Azərbaycanda keçirilən ənənəvi qanvermə aksiyasına müxtəlif dini icmaların nümayəndələri, o cümlədən yəhudi icmalarının rəhbərləri də qatılıblar.
Donorlar arasında Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayev və Dağ yəhudilərinin Bakı dini icmasının sədri Milix Yevdayev də iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən bu humanitar təşəbbüsün məqsədi qan ehtiyatı toplamaqdır. Toplanan qan hemofiliya, talassemiya və digər ağır xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi üçün istifadə olunacaq.
Bu il aksiya ölkənin 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Qanvermə məntəqələri əsasən məscid və ziyarətgahlarda fəaliyyət göstərir, eyni zamanda tibb və təhsil müəssisələrində də vətəndaşların qan verməsi üçün şərait yaradılıb.
Səhər saat 08:00-da başlayan aksiya gün ərzində çoxsaylı vətəndaşların iştirakı ilə davam edir.
Qeyd edək ki, Aşura günü İslam təqviminin Məhərrəm ayına təsadüf edir. Bu il Məhərrəm ayının iyunun 16-da başladığı bildirilir.




