Ukrayna hökuməti Rusiyanın iyulun 27-nə keçən gecə ölkə ərazisinə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirdiyini açıqlayıb.
Rəsmi məlumata əsasən, Rusiya ordusu hücum zamanı ümumilikdə 147 pilotsuz uçuş aparatından istifadə edib. Onların arasında İran istehsalı “Shahed” kamikadze dronları, “Gerbera” və “İtalmas” tipli zərbə PUA-ları, həmçinin hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün istifadə edilən “Parodiya” tipli imitasiya dronları olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə bölmələri hücum edən PUA-lardan 123-nü məhv etməyə nail olub.
Bununla yanaşı, 21 pilotsuz uçuş aparatının 10 müxtəlif ərazidə hədəfə çatdığı, vurulan dronların qalıqlarının isə 7 fərqli məkana düşdüyü təsdiqlənib. Zərbələrin nəticələri və mümkün dağıntılarla bağlı dəqiqləşdirmə işləri davam etdirilir.
Ukrayna tərəfi həmçinin bildirib ki, hücum hələ tam başa çatmayıb. Rusiya ordusuna məxsus bəzi pilotsuz uçuş aparatları hələ də Ukrayna hava məkanında müşahidə olunur və hava hücumundan müdafiə qüvvələri onların zərərsizləşdirilməsi istiqamətində əməliyyatları davam etdirir.
