İsraildə baş verən terror aktından sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) İudeya və Samariya bölgəsində genişmiqyaslı təhlükəsizlik əməliyyatına hazırlaşır.
SAXAL-ın yaydığı məlumata görə, hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Bu çərçivədə hərbçilərin məzuniyyətləri müvəqqəti olaraq dayandırılıb, həmçinin İudeya və Samariya üzrə qoşun qruplaşması əlavə qüvvələrlə möhkəmləndirilib.
SAXAL bildirib ki, ötən gecə keçirilən əməliyyatlar zamanı terror fəaliyyətinə təhrik etməkdə və terror aktlarında iştirak etməkdə şübhəli bilinən, axtarışda olan şəxslər saxlanılıb. Əməliyyatlar zamanı şübhəlilər dindirilib, eyni zamanda müxtəlif silah-sursat aşkarlanaraq müsadirə edilib.
Son bir həftə ərzində İudeya və Samariya bölgəsində 80-dən çox axtarışda olan şəxs saxlanılıb. Onların arasında terrora təhrik edənlər, HƏMAS hərəkatının üzvləri, daş və yandırıcı maddə doldurulmuş butulkalar atmaqda şübhəli bilinən şəxslər, eləcə də partlayıcı qurğuların hazırlanması və tətbiqində iştirak edən terrorçular da var.
SAXAL qeyd edib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi və terror təhlükəsinin qarşısının alınması məqsədilə əməliyyatların yaxın günlərdə də davam etdirilməsi planlaşdırılır.