Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonunun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən minanın partlaması nəticəsində xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
TƏBİB-in məlumatına əsasən, zərərçəkən iyulun 23-də saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sağ said sümüyünün yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.