Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 3 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, yaralananlar arasında 2 yaşlı qız uşağı da var. Onun sözlərinə görə, zərbə nəticəsində şəhərdə yerləşən qida sənayesi müəssisəsi hədəfə alınıb və ərazidə güclü yanğın baş verib.
Rəsmilər bildiriblər ki, bütün yaralılar xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir. Hadisə yerində xilasetmə və yanğınsöndürmə işləri davam edir.
İlkin məlumata görə, hücum nəticəsində müəssisəyə və ətraf infrastruktura ciddi ziyan dəyib. Dağıntıların dəqiq miqyası və digər təfərrüatlar araşdırılır.
Qeyd edək ki, hücumdan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Pavloqrad istiqamətində Rusiya tərəfindən idarə olunan aviasiya bombalarının (KAB) tətbiq ediləcəyi ilə bağlı hava həyəcanı xəbərdarlığı etmişdi.





