Qızılağac Milli Parkının ərazisində brakonyerliyə qarşı keçirilən tədbirlər zamanı qanunsuz ov və balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Jnews.az xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən milli parkın ərazisində bir sıra tədbirlər keçirilib.
Keçirilən əməliyyat zamanı Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ. Əhmədovu saxlayıblar. Onun üzərinə baxış zamanı müxtəlif növ balıqlar və qanunsuz ov alətləri aşkar edilərək götürülüb.
Digər reyd zamanı isə həmin ərazidə E. Eynalov, R. Eynalov, E. Əzizov və İ. Eynalov saxlanılıblar. Onlardan müvafiq icazə sənədləri olmayan 4 ədəd ov tüfəngi götürülüb.
Bundan başqa, saxlanılan şəxslərin üzərindən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş müxtəlif növ 72 çöl quşunun cəsədi aşkar edilib.
Hazırda faktlarla bağlı araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin qorunan ərazilərində su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş birgə nəzarət-profilaktik tədbirləri aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirirlər.
Mənbə: apa.az
