HAMAS terrorçu qruplaşması Fələstin hərəkatlarının Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə "yol xəritəsi"nə cavabını verdiyini elan edib. Təklif "Sülh Şurası"nın ali nümayəndəsi Nikolay Mladenov tərəfindən irəli sürülüb.
HAMAS-ın bəyanatına görə, Fələstin hərəkatlarının vahid mövqeyi ötən həftə Qahirədə keçirilən danışıqlar zamanı formalaşıb. Müzakirələrdə vasitəçi ölkələrin nümayəndələri – Qətər, Türkiyə və Misir iştirak edib.
Təqdim olunan sənəddə ABŞ prezidenti Donald Trampın planının ikinci mərhələsinə "məsuliyyətli" keçidə hazırlıq ifadə olunur. Lakin o, planın birinci mərhələsinin tam həyata keçirilməsinin vacibliyini də xüsusi olaraq qeyd edir.
Fələstin hərəkatlarının cavabında deyilir: "Bu, Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzün dayandırılmasını, sionist qoşunların tamamilə çıxarılmasını, tam miqyaslı humanitar yardım tədarükünün təmin edilməsini, inzibati komitənin formalaşdırılmasını nəzərdə tutur". Bundan əlavə, Fələstin dövlətinin yaradılmasının vacibliyi vurğulanır.