Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayışdan sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə ediliblər.
Jnews.az xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Ümumilikdə 5 min nəfər təxliyə olunub. Nizami kəndinin girişində post quraşdırılıb.
Hadisə gecə saatlarında baş verib
Sentyabrın 2-də gecə saatlarında Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğın baş verib. Yanğın daha sonra partlayışla müşayiət olunub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, hadisə barədə ilkin məlumat daxil olduqdan dərhal sonra FHN və Müdafiə Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərə başlayıblar. Hazırda vəziyyət nəzarət altındadır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
