ABŞ Prezidenti Donald Tramp ölkənin enerji infrastrukturunun təhlükəsizliyini, etibarlılığını və sabitliyini təmin etmək məqsədilə yeni sərəncam imzalayıb.
Jnews.az xəbər verir ki, bundan sonra ABŞ-da milli təhlükəsizliyə risk yarada biləcək xarici istehsallı enerji avadanlıqlarının, habelə onlarla bağlı kritik proqram təminatı və rəqəmsal komponentlərin alınması və quraşdırılması prosesi məhdudlaşdırılır.
Məhdudiyyətlər yüksək gərginlikli transformatorları, günəş və enerji saxlama sistemləri üçün nəzərdə tutulan invertorları, generatorları, rele mühafizə qurğularını və digər elektron idarəetmə avadanlıqlarını əhatə edir. Bu tədbirlər sözügedən texnologiyalardakı mümkün zəifliklərin ABŞ-ın enerji şəbəkəsinə qarşı kiberhücumlar və ya kənar müdaxilələr üçün istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.
Sərəncama uyğun olaraq, ABŞ-ın energetika naziri digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində artıq istismarda olan xarici avadanlıqların iş rejimi ilə bağlı şərtləri müəyyən edəcək. Eyni zamanda, nazirliyə mövcud və gələcəkdə bağlanacaq müqavilələrlə bağlı əlavə təhlükəsizlik tədbirləri görmək səlahiyyəti verilib.
