Yunanıstan İsrail vətəndaşları arasında ən populyar xarici turizm istiqamətlərindən biri olaraq qalır. İsraillilərin bu ölkəyə marağı yalnız dənizkənarı istirahətlə məhdudlaşmır.
Jnews.az xəbər verir ki, 2025-ci ildə Yunanıstanda İsraildən gələn 743 841 turist gəlişi qeydə alınıb. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Turist axını 20 faizə yaxın artıb
2024-cü ildə Yunanıstana İsraildən 620 805, 2023-cü ildə isə 479 163 gəliş qeydə alınıb. Beləliklə, iki il ərzində israilli turistlərin sayı 264 mindən çox artıb.
İsraildən turist axınının artmasında iki ölkə arasında çoxsaylı birbaşa aviareyslərin olması, uçuş məsafəsinin nisbətən qısa olması və Yunanıstanın müxtəlif turizm imkanları mühüm rol oynayır. Afina hava limanı isə digər Avropa ölkələrinə səyahət edənlər üçün əlverişli tranzit məntəqələrindən biri hesab olunur.
İsrail investisiyaları da artır
Turizmlə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələr də inkişaf edir. 2025-ci ildə İsraildən Yunanıstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 86 milyon avro təşkil edib.
İnvestisiyaların əsas hissəsinin kommersiya və yaşayış daşınmaz əmlaklarının, hotellərin və turistlərə kirayə verilən obyektlərin alınmasına yönəldiyi bildirilir. 2024-cü ildə isə İsrail investisiyalarının həcmi 129 milyon avro olub.
Yunanıstanın turizm naziri Olqa Kefaloyanni bildirib ki, hökumət ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, polis aqressiv davranış və insidentlərə qarşı “sıfır dözümlülük” siyasəti həyata keçirir.
Mənbə: cursorinfo.co.il
