Hindistanın təhlükəsizlik və kəşfiyyat orqanları Nyu-Dehlidə keçiriləcək BRİKS sammiti ərəfəsində mümkün təxribat təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Jnews.az xəbər verir ki, əldə olunan kəşfiyyat məlumatlarına əsasən, “Şahzad Bhatti” şəbəkəsi paytaxtın kənar ərazilərində partlayış törətməyi və ya polis əməkdaşlarını hədəfə almağı planlaşdıra bilər. Hindistan polisi bununla bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
Məlumata görə, mümkün hücumun əsas məqsədi genişmiqyaslı dağıntı törətməkdən daha çox cəmiyyətdə təşviş yaratmaq və qruplaşmanın diqqət mərkəzinə düşməsinə nail olmaqdır. Təhlükəsizlik qüvvələri preventiv tədbirlər çərçivəsində 2 mindən çox şəxsin fəaliyyətini nəzarətdə saxlayır.
Nyu-Dehlidə müşahidə və təhlükəsizlik tədbirləri, xüsusilə BRİKS sammitinin keçiriləcəyi əsas obyektlər ətrafında gücləndirilib.
Qeyd edək ki, Hindistanın təhlükəsizlik orqanları avqust ayında “Şahzad Bhatti” şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirdiklərini, 14 ştatda həyata keçirilən tədbirlər nəticəsində yüzlərlə şəxsin saxlanıldığını və şəbəkənin mümkün hücum planlarının qarşısının alındığını bildirmişdilər.
