3 Av 5786 17 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Yerüsəlim problemi: Tarix, din və kimlik (II Yazı)

Yerüsəlim problemi: Tarix, din və kimlik (III Yazı)

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yazının birinci hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik/

Yazının birinci hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik-ii-yazi/

Eyni zamanda Şamda və İsgəndəriyyədə yəhudilərə qarşı zorakılıq və təqiblər artdı. Minlərlə yəhudi həyatını itirdi. Bu hadisələr fonunda bəzi yəhudi alimləri və din xadimləri Roma ilə sülh bağlamağın vacibliyini müdafiə edirdilər. Onlar Romanın sonda Yerusəlimi dağıdacağını və yəhudi xalqını ağır fəlakətlə üz-üzə qoyacağını düşünürdülər.

Lakin radikal milliyyətçi qruplardan biri olan Zilotlar mübarizəni davam etdirmək tərəfdarı idi. Onlar sonadək döyüşməyə and içmişdilər və Yerusəlimə yaxınlaşan Roma qüvvələrinə hücum edərək minlərlə əsgəri məhv etdilər.

Romanın cavabı gecikmədi. İmperatorluq təcrübəli sərkərdə Vespasianın komandanlığı altında böyük bir ordu göndərdi. Roma legionları qarşılarına çıxan kənd və qəsəbələri dağıdaraq Yerusəlimə doğru irəliləyirdilər.

Yəhudilər isə müqəddəs şəhəri qorumaq üçün ölüm-dirim mübarizəsinə girişmişdilər. Bu dövrün ən məşhur döyüşlərindən bəziləri Qamla və Masada qalalarında baş verdi. Rəvayətlərə görə, Qamlanın süqutunun qaçılmaz olduğunu görən 5 min yəhudi Roma əsgərlərinə təslim olmaqdansa, özlərini uçurumdan aşağı atmışdır.

Nəhayət, e.s. 70-ci ildə Roma qoşunları Yerusəlimi mühasirəyə aldı. Romalılar yaxşı bilirdilər ki, Yerusəlimin süqutu yəhudi xalqının milli və dini həyatına ağır zərbə vuracaqdır. Çünki Yerusəlim yalnız bir şəhər deyil, yəhudiliyin və yəhudi xalqının mənəvi mərkəzi idi. Müharibənin davam etdiyi bir vaxtda yəhudi din alimlərindən Yohanan ben Zakkay bir plan hazırladı. Yaxınlaşan fəlakətin qarşısını almağın mümkünsüz olduğunu anlayan Yohanan ben Zakkay heç olmasa yəhudi dininin və elminin gələcəyini xilas etmək istəyirdi.

Rəvayətə görə, o, özünü ölü kimi göstərərək bir tabutun içində Roma sərkərdəsi Vespasianın yanına gətirtdi. Vespasianın hüzuruna çıxan Yohanan ben Zakkay onu gələcək imperator kimi salamladı. Vespasian isə bu sözləri təhqir hesab edərək onun öldürülməsini əmr etmək istədi. Lakin Yohanan ben Zakkay israrla bildirdi ki, Yerusəlim kimi böyük bir şəhəri yalnız gələcək Roma hökmdarı fəth edə bilər.

Bu söhbət əsnasında Romadan xəbər gəldi ki, imperator vəfat etmiş və Vespasian yeni imperator elan olunmuşdur. Bu hadisədən təsirlənən Vespasian Yohanan ben Zakkayın bir arzusunu yerinə yetirməyə razı oldu.

Yohanan ben Zakkay Yerusəlimin xilasını deyil, Tövrat alimlərinin və yəhudi müdriklərinin qorunmasını istədi. O anlayırdı ki, şəhərin və Məbədin xilas edilməsi artıq mümkün deyil. Romalılar mütləq qələbə qazanacaq və öz güclərini bütün dünyaya nümayiş etdirəcəkdilər. Lakin yəhudi xalqının mənəvi və dini irsi qorunarsa, xalq gələcəkdə yenidən ayağa qalxa bilərdi.

Vespasian onun xahişini qəbul etdi və bir qrup Tövrat aliminin Yerusəlimdən çıxmasına icazə verdi. Məhz bu qərar sonrakı dövrlərdə yəhudi dini ənənəsinin və təhsil sisteminin davam etməsində mühüm rol oynadı.

Bu arada Vespasian imperator elan olunduğu üçün Romaya qayıtdı və Yerusəlimin mühasirəsini oğlu Titusa həvalə etdi.

Nəhayət, Roma qoşunları Yerusəlimə daxil oldular. Şəhər sakinlərinin böyük hissəsi qılıncdan keçirildi. E.s. 70-ci ildə, yəhudi təqviminə görə Av ayının doqquzuncu günü, Məbəd yandırıldı. Maraqlıdır ki, yəhudi ənənəsinə görə, Birinci Məbəd də həmin gün dağıdılmışdı.

Məbəd yandırılmazdan əvvəl onun içərisindəki qiymətli əşyalar Romaya aparıldı. Beləliklə, Yerusəlim işğal edildi və Bet HaMikdaş (Müqəddəs Məbəd) dağıdıldı.

Şəhərin süqutundan sonra təxminən min nəfər yəhudi Masada qalasına sığındı. Ölü dənizin yaxınlığında yerləşən bu qala üç il ərzində Roma qoşunlarına müqavimət göstərdi. Lakin e.s. 73-cü ildə Masada da romalılar tərəfindən ələ keçirildi.

Yəhudi rəvayətlərinə görə, qala müdafiəçiləri əsir düşməkdənsə, ölümü seçdilər. Onlar əvvəlcə ailələrini, sonra isə bir-birlərini öldürdülər. Ən sonda sağ qalan son şəxs də intihar etdi. Onların düşüncəsinə görə, Yerusəlimsız və azadlıqsız həyatın mənası qalmamışdı.

Masadanın süqutundan sonra Roma imperiyası üsyanın tamamilə yatırıldığını elan etdi. Yüz minlərlə yəhudi həyatını itirsə də, Yerusəlimdə və İsrail torpaqlarında hələ də xeyli sayda yəhudi yaşayırdı.

Qələbəsini nümayiş etdirmək üçün Roma hakimiyyəti üzərində ağlayan bir qadın təsviri olan və “Judea Capta” (“Yəhuda fəth edildi”) sözləri yazılmış sikkələri dövriyyəyə buraxdı. Bu sikkələr Romanın yəhudilər üzərində qələbəsinin simvoluna çevrildi.

1

Artıq Yerusəlim heç vaxt əvvəlki kimi olmayacaqdı. Romalılar yəhudilərə qarşı sərt siyasətlərini davam etdirirdilər. Dağıdılmış Məbədin yerində Yupiterə həsr olunmuş məbəd tikilməsi planlaşdırılırdı. Bu isə yəhudilər tərəfindən böyük təhqir kimi qəbul edilirdi.

Nəticədə Roma hakimiyyəti növbəti böyük üsyanla üzləşdi. E.s. 132-ci ildə Şimon Bar Koxbanın rəhbərliyi altında yəhudilər yenidən ayağa qalxdılar. Üsyanın ilk mərhələsində onlar romalıları Yerusəlimdən və bəzi müqəddəs torpaqlardan çıxarmağa nail oldular, hətta müstəqillik rəmzi olaraq öz pullarını belə zərb etdilər.

Bu hadisə Roma tarixində misli görünməmiş bir meydan oxuma idi. Roma imperiyası belə bir üsyanın uğur qazanmasına imkan verə bilməzdi. İmperator Hadrian üsyanı yatırmaq üçün Yəhudaya ardıcıl olaraq böyük hərbi qüvvələr göndərdi. Nəhayət, Roma imperiyası üsyanı yatırmaq üçün misli görünməmiş bir hərbi qüvvə topladı. Müharibənin son mərhələsində Roma ordusunun təxminən yarısını təşkil edən on iki legion Yəhudaya göndərildi. Bu, təxminən 65 il əvvəl Böyük Yəhudi Üsyanını yatırmaq üçün göndərilən qüvvələrin üç qatından çox idi. Bu böyük ordunun başında Roma sərkərdəsi Yulius Severus dayanırdı.

Müharibə son dərəcə dağıdıcı oldu. Yüzlərlə yaşayış məntəqəsi məhv edildi, yüzlərlə yəhudi kəndi yerlə-yeksan edildi. Aclıq, xəstəlik və müharibənin yaratdığı fəlakətlər nəticəsində ölənlərin dəqiq sayı məlum deyil. Yəhuda əyalətinin böyük hissəsi xarabalığa çevrilmişdi.

Tədricən müharibənin gedişi Roma imperiyasının xeyrinə dəyişdi. Bar Koxbanın son istehkamı Yerusəlimin cənub-qərbində yerləşən Betar şəhəri oldu. Şiddətli döyüşlərdən sonra şəhər yəhudi təqviminin ən hüznlü günü olan 9 Av tarixində süqut etdi.

Məğlubiyyətin ardından qəzəbli Roma əsgərləri həlak olmuş yəhudilərin dəfn edilməsinə uzun müddət icazə vermədilər. Cəsədlər açıq havada qaldı və bu hadisə yəhudi yaddaşında dərin iz buraxdı.

Roma imperiyası artıq yəhudilərdən bezmişdi. Uzun illər davam edən üsyanlar imperiyaya böyük insan və maddi itkilər vermişdi. İmperator Hadrian belə nəticəyə gəldi ki, gələcəkdə yeni üsyanların qarşısını almağın yeganə yolu yəhudiləri öz vətənlərindən ayırmaqdır.

Heç bir xalq Romaya qarşı yəhudilər qədər ardıcıl və uzunmüddətli müqavimət göstərməmişdi. Lakin bu müqavimətin bədəli də son dərəcə ağır oldu. Roma tarixçisi Dio Kassiusun yazdığına görə, bu müharibələr zamanı yüz minlərlə yəhudi həyatını itirmişdi.

Yəhudilərin Romaya qarşı böyük müqaviməti e.s. 66-cı ildə başlamış və müxtəlif mərhələlərlə təxminən yetmiş il davam etmişdi. Nisbətən kiçik bir xalqın dünyanın ən güclü imperiyasına qarşı bu qədər uzun müddət müqavimət göstərə bilməsi tarixdə nadir hadisələrdən biridir.

Bu müqavimətin əsas səbəbi yəhudilərin dini və milli kimliyi ilə bağlı idi. Təktanrılıq inancı və Tövrat qanunları yəhudi xalqının şüurunda o qədər dərin kök salmışdı ki, onlardan imtina etmək milli və mənəvi ölüm kimi qəbul edilirdi.

Tarixdə çox az şəhər tapılar ki, Yerusəlim qədər bir xalqın kimliyinə təsir etmiş olsun. Yəhudilər üçün Yerusəlimsizlik yalnız bir şəhərin itirilməsi deyil, həm də milli və dini mərkəzin itirilməsi demək idi. Məhz buna görə onlar Roma imperiyasına qarşı son güclərinə qədər müqavimət göstərdilər.

Bar Koxba üsyanının yatırılmasından sonra Hadrian yəhudilərin Yerusəlim və İsrail torpaqları ilə əlaqəsini zəiflətmək siyasəti yürütməyə başladı. Bu siyasətin bir hissəsi olaraq Yerusəlim yenidən quruldu və şəhərə “Aelia Capitolina” adı verildi.

Yəhudilərin yeni şəhərə daxil olması qadağan edildi. Onlara yalnız ildə bir dəfə, 9 Av günü şəhərə daxil olmağa icazə verilirdi. Həmin gün onlar Birinci və İkinci Məbədin dağıdılmasını yad edir, müqəddəs şəhərin və Məbədin itkisinə yas tuturdular.

Beləliklə, Yerusəlim siyasi və fiziki baxımdan dəyişdirilsə də, yəhudi xalqının yaddaşında və dini şüurunda öz müqəddəs yerini qoruyub saxlamağa davam etdi. Bundan əlavə, imperator Hadrian bölgədəki yəhudi milli kimliyini zəiflətmək məqsədilə mühüm addımlar atdı. O, bir zamanlar Aralıq dənizinin şərq sahillərində yaşamış və Tövratda yəhudilərin düşmənləri kimi xatırlanan filiştlilərin (fələstinlilərin) adını əsas götürərək bölgəni “Syria Palaestina” adlandırdı. Bu addımın məqsədi Yəhuda adı ilə bağlı tarixi yaddaşı silmək və yəhudilərin torpaqla əlaqəsini zəiflətmək idi.

Bu ad sonrakı əsrlərdə xristian mənbələrində yaşamağa davam etdi və Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqutu ilə bölgə Britaniyanın nəzarətinə keçdikdə yenidən geniş şəkildə istifadə olunmağa başladı.

Bundan sonra yəhudilərin Yerusəlimə daxil olması qadağan edildi. Şəhər və ətraf bölgə uzun müddət Roma hakimiyyəti altında qaldı. Roma imperiyasının iki hissəyə bölünməsindən sonra isə Yerusəlim Şərqi Roma imperiyasının, yəni Bizansın hakimiyyəti altına keçdi.

Bizans dövründə də bölgədə yaşayan yəhudilər müxtəlif məhdudiyyətlərlə və təzyiqlərlə üzləşirdilər. Xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra yəhudilərin hüquqları bir çox hallarda məhdudlaşdırılmışdı. Onlardan dinlərini dəyişdirmələri tələb olunur, buna razı olmayanlar isə müxtəlif təqiblərə məruz qalırdılar.

Bu dövrdə Yerusəlim xristianlar üçün də müqəddəs şəhər hesab edilirdi. Çünki xristian ənənəsinə görə, İsa Məsih burada yaşamış, təbliğ etmiş və burada çarmıxa çəkilmişdi. Bizans hökmdarları şəhərdə çoxlu kilsələr və dini tikililər inşa etdilər.

Bizans imperiyasının zəifləməsindən istifadə edən Sasani imperiyası bir müddət Yerusəlimi ələ keçirsə də, e.s. 629-cu ildə şəhər yenidən Bizansın nəzarətinə qayıtdı.

Lakin artıq Ərəbistan yarımadasında yeni bir din və yeni bir dövlət meydana çıxmışdı. Bu, İslam dini və müsəlman dövləti idi. E.s. 638-ci ildə xəlifə Ömər ibn Xəttab Yerusəlimi Bizansdan aldı və şəhər müsəlman hakimiyyəti altına keçdi.

Bu dövrdən etibarən bölgəyə ərəb əhalisinin köçü sürətləndi. Ərəbistanın müxtəlif bölgələrindən gələn insanlar Yerusəlimdə və ətraf ərazilərdə məskunlaşmağa başladılar. Müsəlman mənbələrində şəhər getdikcə daha çox “əl-Qüds” adı ilə tanınmağa başladı.

2

E.s. 661–750-ci illərdə şəhər Əməvilər xilafətinin hakimiyyəti altında idi. Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan 691-ci ildə Qübbətüs-Səxra kompleksini inşa etdirdi. Daha sonra Məscidül-Əqsa genişləndirildi və şəhər İslam dünyasının mühüm dini mərkəzlərindən birinə çevrildi.

E.s. 750-ci ildə Yerusəlim Abbasilərin hakimiyyəti altına keçdi. Sonrakı əsrlərdə şəhər müxtəlif müsəlman dövlətlərinin idarəsində oldu. 878-ci ildə bölgə Fatimilərin nəzarətinə keçdi. 1077-ci ildə Səlcuqlular şəhəri ələ keçirsələr də, 1098-ci ildə Fatimilər yenidən hakimiyyəti bərpa etdilər.

Bu dövrdə Avropada yeni bir hərəkat formalaşırdı. E.s. 1095-ci ildə Papa II Urban xristian dünyasına müraciət edərək müqəddəs torpaqların müsəlmanlardan geri alınmasının vacibliyini elan etdi. O, yürüşə qoşulanlara dini mükafatlar və günahlarının bağışlanacağı vədini verdi.

Beləliklə, Birinci Səlib yürüşü başladı. Səlibçilər yol boyunca qarşılarına çıxan bir çox insanı – müsəlmanları, yəhudiləri və bəzən hətta öz məzhəblərindən olan xristianları belə qətlə yetirirdilər.

Nəhayət, 1099-cu ildə səlibçilər Yerusəlimə daxil oldular. Şəhərdə yaşayan müsəlman və yəhudi əhali böyük qırğınlarla üzləşdi. Məscidlər, sinaqoqlar və digər tikililər dağıdıldı və ya talan edildi.

(III Yazı), davamı var…

Murad Salmanov

398697106 10228642421078638 7470725020453465301 n 1

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Yerüsəlim problemi: Tarix, din və kimlik (III Yazı)jnews.az səsləndirməsi