ABŞ prezidenti Donald Tramp Qəzza zolağında fəaliyyət göstərən HƏMAS və digər silahlı qruplaşmaların tərksilah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu açıqlayıb.
Tramp bildirib ki, razılaşma ABŞ tərəfindən yaradılan “Sülh Şurası”nın (Board of Peace) iştirakı ilə əldə olunub.
Razılaşmanın detalları açıqlanmayıb
“France 24” telekanalının məlumatına görə, əldə olunan razılaşmanın detalları və icra mexanizmləri hələlik rəsmi şəkildə açıqlanmayıb.
Donald Tramp vurğulayıb ki, tərksilah prosesi tam başa çatdıqdan sonra İsrail qoşunları Qəzza zolağından çıxarılacaq.
Onun sözlərinə görə, əraziyə nəzarət yeni yaradılacaq Fələstin hökumətinə və yerli polis qüvvələrinə veriləcək. Bu strukturlar beynəlxalq sabitlik qüvvələrinin dəstəyi ilə fəaliyyət göstərəcək.
HƏMAS-dan şərt: İsrail razılaşmanı təsdiqləməlidir
HƏMAS nümayəndəsi Qazi Həmmad “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Fələstin tərəfi razılaşmanın icrasına başlamazdan əvvəl İsrail onun mərhələli şəkildə həyata keçirilməsini rəsmi olaraq təsdiqləməlidir.
O qeyd edib ki, İsrail qüvvələri silahların müsadirəsi prosesində iştirak etməyəcək. Bu vəzifəni Qəzzanın idarə olunması üzrə Milli Komitə (NCAG) yerinə yetirəcək.
İsrail ordusunun mərhələli çıxarılması planlaşdırılır
“AFP” agentliyinin məlumatına əsasən, əldə olunan razılaşma İsrail hərbi qüvvələrinin Qəzza zolağından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.
Yaxın günlərdə Qahirədə ABŞ, Qətər və Türkiyə nümayəndələrinin də iştirak edəcəyi beynəlxalq vasitəçilərin görüşü keçiriləcək. Görüşdə atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Mənbə: france24.com
