13-14 iyul tarixlərində Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək.
MEDİA-dan verilən məlumata görə, artıq nüfuzlu beynəlxalq platformaya çevrilən forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sərhədlərarası media dialoqu, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika mövzularında panel müzakirələri və interaktiv sessiyalar keçiriləcək.
Tədbirin əsas məqsədi cəmiyyətlər arasında etimadın bərpasına, rəqəmsal həmrəyliyin gücləndirilməsinə və sülhün təşviqinə töhfə verməkdir.
Qeyd edək ki, əsası 2022-ci ildə qoyulan Şuşa Qlobal Media Forumu ötən illərdə yeni media, dezinformasiya ilə mübarizə və süni intellekt mövzularına həsr olunub. İndiyədək keçirilən forumlarda 81 ölkədən 600-ə yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib və platforma qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib.