Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) 2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində ölkənin ictimai istirahət üçün nəzərdə tutulmuş çimərliklərində sanitariya normalarına əməl olunması və dəniz suyunun keyfiyyətinin qiymətləndirilməsi məqsədilə davamlı monitorinqlər həyata keçirir. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, dəniz suyunun keyfiyyətinə nəzarət ilin əvvəlindən etibarən aylıq qaydada aparılıb. May ayından başlayaraq isə monitorinqlərin intensivliyi artırılaraq həftəlik əsasda davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji parametrlər üzrə tədqiq edilir.
İstirahət mövsümü boyu dəniz suyu nümunələri, xüsusilə təhlükəli yoluxucu xəstəliklərin nəzarəti üçün, əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyalarında da yoxlanılır.
Həyata keçirilən laborator analizlər bəzi ərazilərdə götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin mövcud sanitariya norma və qaydalarına uyğun gəlmədiyini ortaya çıxarıb.
Monitorinqlər Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisindəki çimərliklərin sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar olduğunu aşkar edib.
Mövcud vəziyyəti və əhalinin sağlamlığını qorumaq məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan çimərliklərdə və həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan üzgüçülük məqsədilə istifadənin müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edib.
Bu qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, müvafiq polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti strukturları məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatları izləməyi və qoyulmuş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.
Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti monitorinqləri davam etdirəcək və nəticələr barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.