İsrailin Baş naziri Benyamin Netanyahu İran rəhbərliyinə sərt xəbərdarlıq edərək, ölkəsinə qarşı hücum olacağı təqdirdə Tehranın ağır zərbə alacağını bildirib. O, İran rejiminin devrilməsi istiqamətində qarşıya qoyulan məqsədi həyata keçirməkdə qərarlı olduqlarını və rejimin sonunun yaxın olduğunu deyib.
Jnews.az xəbər verir ki, Netanyahu Roş-Ha-Şana bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı regionda artan gərginlikdən danışıb.
“Əgər İran səhvə yol verərək bizə hücum etsə, təsəvvür belə edilə bilməyəcək zərər görəcək. Biz rejimi devirmək vəzifəsini yerinə yetirməkdə qərarlıyıq və onun sonu yaxındır”, – Netanyahu deyib.
İsrail hökumətinin başçısı ölkəsini regionun əsas supergücü kimi xarakterizə edib və rəqiblərini İsraili sınağa çəkməməyə çağırıb. O, hərbçilərə və təhlükəsizlik qüvvələrinə Livan, Qəzza sektoru, eləcə də Yəhudeya və Samariya istiqamətlərində terrorla mübarizəyə görə təşəkkür edib.
Netanyahu ABŞ-la birgə fəaliyyətin strateji təhlükələrin aradan qaldırılmasına imkan verdiyini bildirib. Onun sözlərinə görə, İsrail ballistik raketlər və nüvə silahı ilə bağlı təhlükəni yox edib və İranın regiondakı təsir şəbəkəsinə ciddi zərbə vurub.
İsrailin müdafiə naziri İsrael Kats da İranın mümkün hücumu ilə bağlı sərt açıqlama verib. O bildirib ki, İran İsrailə hücum edərsə, cavab tədbirlərinə dair bütün məhdudiyyətləri aradan qaldıracaqlar və İranın enerji infrastrukturu da daxil olmaqla müxtəlif strateji obyektlərini hədəfə alınacaq.
Bununla yanaşı, ABŞ və İran arasında gərginlik də davam edir. ABŞ qüvvələri İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə raket hücumundan sonra üç İran neft tankerinə zərbə endirib. Hadisə ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşdiyi bir vaxtda baş verib.
Yaxın Şərqdə gərginliyin artması fonunda İranın Hörmüz boğazı ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək niyyətində olduğu da bildirilir. Bu vəziyyət enerji daşıyıcılarının beynəlxalq daşınması ilə bağlı riskləri daha da artırır.
Mənbə: jns.org
