Yenilənib: Avqust 21, 2026 12:43 axşam
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının Nuseyrat bölgəsində həyata keçirilən hərbi əməliyyat zamanı HƏMAS-ın taqım komandirlərindən biri olan Sabhi Sami Mahmud Şahatanın öldürüldüyünü elan edib.
Ordu rəsmilərinin yaydığı məlumata əsasən, Şahata 2023-cü il oktyabrın 7-də İsrailə qarşı təşkil olunan hücumlarda birbaşa iştirak edib. Bundan əlavə, onun həmin hücumlar zamanı girov götürülən şəxslərin daşınması və sonradan azad edilən girovların Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməsi prosesində rol aldığı qeyd olunub.
SAXAL-ın açıqlamasında bildirilir ki, zərbə Şahatanın son günlər İsrail hərbçilərinə və mülki şəxslərə qarşı yeni hücumlar planlaşdırması və təhlükə yaratması səbəbindən endirilib. Ordunun iddiasına görə, komandir HƏMAS-ın hərbi fəaliyyətlərində aktiv iştirakını davam etdirirdi.

