Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar Quba rayonuna səfəri çərçivəsində Dağ Yəhudiləri Muzeyini ziyarət edib.
Səfər zamanı diplomatik missiya rəhbərinə muzeyin yaranma tarixi, çoxşaxəli fəaliyyəti və burada sərgilənən zəngin eksponatlar haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, səfirə Azərbaycanda məskunlaşan dağ yəhudilərinin qədim tarixi və özünəməxsus mədəniyyəti, eləcə də ölkəmizdə əsrlərdir mövcud olan nümunəvi tolerantlıq və multikulturalizm ənənələri barədə geniş bəhs olunub.
Qırmızı Qəsəbədəki tanışlığını davam etdirən Abhay Kumar yerli tarixi sinaqoqları da ziyarət edib. Səfirə bu ibadət ocaqlarının tarixi, dini və mədəni əhəmiyyəti, habelə qəsəbənin yəhudi icması üçün rolu barədə müfəssəl məlumat təqdim olunub.


