Bu gecə ABŞ ordusu İranın cənubunda yerləşən bir sıra hərbi obyektlərə genişmiqyaslı hava zərbələri endirib.
Zərbələrin əsas hədəfləri arasında Bəndər-Abbas, Keşm adası, Goruk, Sirik və Çabahar şəhərində yerləşən hərbi məntəqələr olub. İran mediası Çabaharda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasının da intensiv hücumlara məruz qaldığını bildirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyat zamanı 80-dən çox hədəf vurulub. Bunlara hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə məntəqələri, sahil radarları, gəmi əleyhinə raket infrastrukturu və SEPAH-a məxsus onlarla kiçik hərbi qayıq daxildir.
Vaşinqton bildirib ki, məqsəd İranın Hörmüz boğazında beynəlxalq dəniz ticarətinə təhlükə yaratmaq imkanlarını zəiflətməkdir.
İran tərəfi isə ölkənin cənubunda hava hücumundan müdafiə qüvvələrinin ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb, lakin hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb. ABŞ tərəfi isə hələlik bu iddianı təsdiqləməyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana endirilən zərbələr Tehranın beynəlxalq ticarət gəmilərinə hücumlarına cavab olaraq həyata keçirilib. O xəbərdarlıq edib ki, İran oxşar addımları davam etdirərsə, ABŞ-ın cavabı daha sərt olacaq.
Ekspertlər vəziyyətin regionda təhlükəsizlik risklərini yüksəltdiyini və Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təsirlərin davam edə biləcəyini qeyd edirlər.