Yenilənib: Avqust 21, 2026 11:30 səhər
Bakıda “Belçikanın müstəmləkə ədalətsizliyi və təzminata doğru 101 illik yol” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas müzakirə mövzusu Belçikanın Demokratik Konqo Respublikası, Ruanda və Burundi ərazilərində həyata keçirdiyi müstəmləkə siyasətinin nəticələri və bu siyasətdən zərər çəkmiş ölkələrə kompensasiya ödənilməsi məsələsidir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, təzminat prosesi yalnız maliyyə ödənişləri ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, əsas məqsəd müstəmləkəçiliyin uzunmüddətli nəticələrinin aradan qaldırılması və həmin ölkələrin inkişafına hələ də mənfi təsir göstərən sistemli problemlərin həllidir.
O qeyd edib ki, XX əsrdə Belçikanın həyata keçirdiyi siyasət nəticəsində həyatını itirən insanların geri qaytarılması heç bir maddi kompensasiya ilə mümkün deyil. Bununla belə, onun fikrincə, təzminat prosesi Konqo, Ruanda və Burundi xalqlarının keçmişin ağır irsini aradan qaldıraraq güclü və firavan dövlətlər qurması üçün zəruri şəraitin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransda vurğulanıb ki, təzminatların əsas məqsədi müstəmləkə siyasətindən zərər çəkmiş ölkələrin ləyaqətli inkişafına, eləcə də digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmasına şərait yaratmaqdır.
Tədbir çərçivəsində iştirakçılar müstəmləkə təzminatlarının təmin edilməsi üzrə hazırlanmış yol xəritəsinin yekun hissəsini də müzakirə edəcəklər. Təşkilatçıların fikrincə, sənəd konfransın əsas nəticələrindən biri olacaq.
