Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq əskinasları tədavülə buraxmağa hazırlaşır.
Bu barədə məlumatı AMB-nin baş direktoru Rəşad Məmmədov təsdiqləyib. O bildirib ki, Mərkəzi Bank yeni və ya yenilənmiş pul nişanlarının dövriyyəyə buraxılması ilə bağlı hər hansı dəyişiklik barədə ictimaiyyəti əvvəlcədən rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə məlumatlandıracaq.
Xatırladaq ki, sonuncu dəfə ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq əskinaslar dövriyyəyə buraxılmışdı.
Saxta pullarla mübarizə və təhlükəsizlik
Rəşad Məmmədov milli valyutanın saxtalaşdırılması ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, saxta pulların əksəriyyəti rəngli surətçıxarma aparatları və ya skanerlərdən istifadə edilməklə primitiv üsullarla hazırlanır. Belə saxta əskinaslar bank avadanlıqları və bank əməkdaşları tərəfindən asanlıqla aşkar edilir.
Baş direktor qeyd edib ki, Azərbaycanın milli pul nişanları yüksək texniki göstəricilərə və etibarlı mühafizə elementlərinə malikdir. Məhz bu səbəbdən ölkədə pul nişanlarının saxtalaşdırılması səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu ölkələrin milli valyutaları ilə müqayisədə olduqca aşağıdır.
