İnnovasiyalar üzrə ixtisaslaşmış Azərbaycan nümayəndə heyəti, damcı suvarma texnologiyaları üzrə dünyanın aparıcı istehsalçısı olan “Netafim” şirkətinin rəhbərliyi ilə görüşmək üçün İsrailə səfər edib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətini şirkətin tədqiqat və inkişaf (R&D) üzrə vitse-prezident Esteban Sokolski və rəqəmsal kənd təsərrüfatı departamentinin rəhbəri Ofer İnbar qəbul edib. “Netafim” nümayəndələri şirkətin tarixi, inkişaf mərhələləri, innovativ həlləri və dünya bazarındakı uğurları barədə ətraflı məlumat veriblər.
100-dən çox ölkədə təmsil olunan “Netafim” şirkəti damcı suvarma texnologiyaları, su resurslarının idarə edilməsi üçün intellektual sistemlər və rəqəmsal kənd təsərrüfatı həlləri sahəsində liderlərdən biridir. Şirkətin məqsədi suyun səmərəli istifadəsini təmin etməkdir.
Görüşdə Azərbaycanın innovativ şirkətlərinin nümayəndələri ilə “Netafim” rəhbərliyi arasında fikir mübadiləsi aparılıb. Əsas mövzular aqrar sektorda qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsal transformasiya, su resurslarının səmərəli idarə edilməsi və Azərbaycanda müasir aqrotexnologiyaların tətbiqi imkanları olub.
“Netafim” rəhbərliyi Azərbaycanla uzun illərdir davam edən əməkdaşlıq təcrübəsini də qeyd edib. Şirkət ölkənin kənd təsərrüfatı sektorunda müxtəlif layihələrdə iştirak edir. Qeyd olunub ki, Azərbaycanda müxtəlif regionlarda müasir damcı suvarma sistemlərinin tətbiqi artıq su resurslarından daha rasional istifadəyə, məhsuldarlığın artmasına və kənd təsərrüfatında innovativ yanaşmaların yayılmasına kömək edib.
Tərəflər Azərbaycan və İsrail arasında aqrar innovasiyalar, su texnologiyaları və startap ekosisteminin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıblar. Müzakirələr zamanı birgə layihələrin həyata keçirilməsi, qabaqcıl texnologiyaların ötürülməsi, təcrübə mübadiləsi və insan kapitalının inkişafı imkanları nəzərdən keçirilib.
Görüşün sonunda iştirakçılar innovasiyalar və yüksək texnologiyalar sahəsində tərəfdaşlığın gücləndirilməsinin hər iki ölkənin iqtisadi inkişafına və kənd təsərrüfatının modernləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

