ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Livan Prezidenti Jozef Aunla görüşüb. Tərəflər İsraillə münasibətləri, “Hizbullah”ın silahsızlaşdırılmasını və Livanın cənubundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Görüş zamanı Tramp ABŞ-ın Livana dəstəyini davam etdirəcəyini bildirib.
Tramp: Biz Livana kömək edəcəyik. Həm də çox kömək edəcəyik.
Tramp görüşdə əsas problemlərdən birinin “Hizbullah” olduğunu vurğulayıb. O, Livan prezidenti belə bir xahiş edəcəyi təqdirdə qruplaşma ilə birbaşa dialoqa hazır olduğunu da bildirib.
Tramp: Mən hamı ilə danışıram. Bəzən çoxlarının danışmağa dəyməz hesab etdiyi insanlarla da danışmışam. Amma bu işləyir. Əgər Livan prezidenti məndən “Hizbullah”la danışmağı xahiş etsə, bunu edərəm.
ABŞ Prezidentindən Livan ordusuna əlavə hərbi yardım göstərilib-göstərilməyəcəyi soruşulduqda isə o, bu məsələnin ayrıca müzakirə ediləcəyini bildirib.
Aun: Düşmənçiliyə birdəfəlik son qoymaq istəyirik.
2009-cu ildən bəri Vaşinqtona dəvət olunan ilk Livan prezidenti olan Jozef Aun ABŞ-dan Livan ordusuna dəstəyin davam etdirilməsini istəyib.
Onun sözlərinə görə, ordu ölkədə təhlükəsizliyin və sabitliyin əsas təminatçısıdır.
“Ordu olmasa, hər şey çökər”, – deyə Aun bildirib.
Livan Prezidenti xatırladıb ki, 1975-ci ildə ordunun zəifləməsi vətəndaş müharibəsinə, silahlı qruplaşmaların yaranmasına və ölkənin cənubuna nəzarətin itirilməsinə səbəb olmuşdu.
Aun həmçinin Trampa İsrail və Livan arasında aparılan danışıqlarda vasitəçilik etdiyinə görə təşəkkür edib və əldə olunan razılaşmaların əsas məqsədinin iki ölkə arasında düşmənçiliyə birdəfəlik son qoymaq olduğunu vurğulayıb.
ABŞ 41 ildən sonra Livana birbaşa uçuşları bərpa edir
Görüşdən sonra Tramp administrasiyasına ABŞ aviaşirkətlərinə Livana birbaşa reyslər həyata keçirməyə icazə verilməsi barədə göstəriş verdiyini açıqlayıb.
ABŞ ilə Livan arasında müntəzəm birbaşa aviareyslər 1985-ci ildə TWA aviaşirkətinin təyyarəsinin “Hizbullah” silahlıları tərəfindən qaçırılmasından sonra dayandırılmışdı.
Livanın cənubunda ilk insident
Aunun Vaşinqton səfəri İsrail-Livan razılaşmasının icrasının ilk mərhələsinə təsadüf edib. Livan ordusu İsrail ordusunun geri çəkildiyi Zautar əl-Qərbiya bölgəsində mövqelərə yerləşməyə başlayıb.
Lakin ərazinin təhvil verilməsi zamanı insident yaşanıb.
Livan ordusunun məlumatına görə, İsrail hərbçiləri onların bölmələrinin yaxınlığında atəş açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) isə Livan hərbçilərinin mühəndis texnikası ilə İsrailin nəzarətində olan təxminən 150 metrlik bufer zonaya daxil olaraq maneələri sökməyə başladığını, bundan sonra xəbərdarlıq məqsədilə havaya atəş açıldığını və Livan bölmələrinin geri çəkildiyini açıqlayıb.
İsrail ordusu bildirib ki, razılaşdırılmış ərazilərdən kənarda həyata keçirilən bütün hərəkətlər əvvəlcədən koordinasiya olunmalıdır.
Cənubda vəziyyət
Zautar əl-Qərbiya ərazisinin Livan ordusuna təhvil verilməsi ABŞ-ın dəstəklədiyi planın ilk mərhələsi hesab olunur. Plana əsasən, Beyrut ölkənin cənubundakı 10 kilometrlik təhlükəsizlik zolağına nəzarəti mərhələli şəkildə bərpa etməlidir.
Son aylarda bölgədə baş verən döyüşlər nəticəsində onlarla yaşayış məntəqəsi dağılıb, xəstəxanalar, elektrik stansiyaları və su infrastrukturu ciddi zərər görüb. Bir çox sakin hələ də evlərinə qayıda bilməyib.
Livan hakimiyyətinin məlumatına görə, münaqişənin son mərhələsində ölkədə 4300-dən çox insan həlak olub. İsrail ordusu isə bu müddətdə “Hizbullah”ın 2500-dən artıq üzvünün zərərsizləşdirildiyini bildirir.