Yenilənib: Avqust 14, 2026 2:39 axşam
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatını dərc edib. Sənədə əsasən, hesabat dövründə şirkətin gəliri 86,3 milyard manata (50,8 milyard dollar), ümumi mənfəəti isə 12,6 milyard manata (7,4 milyard dollar) çatıb.
Şirkətdən bildirilib ki, ötən ilin nəticələrinə qlobal enerji bazarlarındakı geopolitik qeyri-müəyyənlik, enerji təhlükəsizliyi məsələləri və təbii qaza olan tələbatın artması təsir göstərib. Bu şəraitdə SOCAR xərclərin optimallaşdırılmasına və beynəlxalq iştirakının genişləndirilməsinə diqqət yetirib.
Əsas maliyyə göstəriciləri
Şirkətin 2025-ci ildəki əməliyyat mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata (3,1 milyard dollar) çatıb. Xalis mənfəət təxminən 3 milyard manat (1,8 milyard dollar) səviyyəsində qeydə alınıb. EBITDA (faizlər, vergilər, köhnəlmə və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 26% artaraq 10,9 milyard manat (6,4 milyard dollar) təşkil edib.
Gəlirlərin əsas mənbələri xam neft, təbii qaz, həmçinin neft məhsulları və kimya məhsullarının satışı olub. Eyni zamanda, əməliyyat fəaliyyətindən daxil olan pul axınları ötən ilin müvafiq dövrü ilə müqayisədə 136% artaraq əhəmiyyətli artım nümayiş etdirib.
Sərmayələr və strateji layihələr
2025-ci il ərzində SOCAR bir sıra iri sərmayə təşəbbüslərini həyata keçirib. Bunlara “Bahar” və “Qum-dəniz” yataqlarında 80%-lik payın alınması, eləcə də Aralıq dənizində İsrailin “Tamar” qaz yatağında 10%-lik iştirak payının əldə edilməsi daxildir. Bundan əlavə, şirkət Türkiyədə neft-kimya və enerji layihələrini inkişaf etdirməyə davam edib və rəqəmsal infrastruktura investisiya yatırıb.
Ölkənin ən böyük vergi ödəyicisi kimi SOCAR 2025-ci ildə dövlət büdcəsinə 3,8 milyard manat (2,2 milyard dollar) ödəyib. Bu məbləğə dividendlər, vergilər və sosial xərclər daxildir. Ümumilikdə, 2021-ci ildən 2025-ci ilədək şirkətin dövlətə etdiyi toplam ödənişlər 15,9 milyard manat (9,4 milyard dollar) təşkil edib, eyni dövr ərzində dövlətin şirkətə yatırdığı investisiyalar isə cəmi 1,6 milyard manat (941 milyon dollar) olub.
Şirkətin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatları müstəqil auditdən keçib və “Ernst & Young Holdings (CIS) B.V.” şirkətindən müsbət rəy alıb.
Mənbə: Jnews.az
