Yenilənib: Avqust 10, 2026 2:15 axşam
İsrail, ABŞ və Livan hakimiyyətinin koordinasiyalı addımları “Hizbullah” təşkilatını misli görünməmiş maliyyə çətinlikləri ilə qarşı-qarşıya qoyub. “The “New York Times” xəbər verir ki, yaranmış böhran səbəbindən təşkilat öz tərəfdarlarının bir hissəsinə ödənişlərin edilməsini dayandırmaq məcburiyyətində qalıb.
Maliyyə imkanlarının məhdudlaşdırılmasında İsrailin “Hizbullah”a məxsus “Al Qard Al Hassan” bankının filiallarına, valyutadəyişmə məntəqələrinə və digər maliyyə aktivlərinə endirdiyi zərbələr mühüm rol oynayıb. Eyni zamanda, təşkilatın İrandan maliyyə vəsaitləri daxil etdiyi kanallar da kəsilib.
Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriya üzərindən keçən quru maliyyə marşrutunun fəaliyyəti pozulub. Hava yolu ilə vəsaitlərin çatdırılması isə Beyrut rəhbərliyinin Tehrandan həyata keçirilən aviareysləri dayandırması və təşkilat əməkdaşlarının hava limanına girişinə qadağa qoymasından sonra məhdudlaşıb.
Paralel olaraq, Livanın Mərkəzi Bankına da təzyiqlər gücləndirilib. Qurumun yeni rəhbəri Harid Səid “Hizbullah”la əlaqədə şübhəli bilinən bir sıra yüksək vəzifəli şəxsi tutduğu postlardan uzaqlaşdırıb.
Mərkəzi Bank rəhbərliyi həmçinin çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini və ölkədə nağd pul dövriyyəsinə nəzarəti sərtləşdirib. Atılan bütün bu addımlar “Hizbullah”ın maliyyə imkanlarını əhəmiyyətlə dərəcədə daraldaraq təşkilatı tərəfdarlarını əvvəlki səviyyədə təmin etmək imkanından məhrum edib.
