Xırdalan, 13 İyul – Xırdalanı paytaxtın mərkəzi ilə birləşdirən 135 nömrəli müntəzəm marşrut xəttində yaxın günlərdə istifadəyə veriləcək yeni avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətinə hərəkət edə bilməyəcək. Buna səbəb həmin istiqamətdəki yol infrastrukturunun yararsız vəziyyətdə olmasıdır.
Məsələ ilə bağlı açıqlama verən marşrutun daşıyıcısı olan “Xaliq Faiqoğlu” şirkəti bildirib ki, Xırdalanın Həsən Əliyev küçəsində, yerli sakinlərin “120 yolu” adlandırdığı ərazidəki dərin çalalar alçaqdaban “Iveco” markalı müasir avtobusların hərəkəti üçün ciddi təhlükə yaradır. Şirkət rəsmiləri problemin uzun illərdir mövcud olduğunu və aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, yolun təmir olunmadığını qeyd ediblər.
Hazırda həmin istiqamətdə köhnə nəqliyyat vasitələri çətinliklə də olsa xidmət göstərsə də, yeni və müasir avtobusların həmin yola daxil olması texniki cəhətdən mümkünsüz hesab edilir.
Daşıyıcı şirkət yaranmış narahatlıqla bağlı Bakı Mühəndislik Universitetinin tələbələrindən və ərazidə yaşayan sakinlərdən üzr istəyərək, problemin onların fəaliyyətindən deyil, yolun bərbad vəziyyətindən qaynaqlandığını diqqətə çatdırıb.