Şuşa, 13 İyul – Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev mühüm mesajlar verib.
Dövlət başçısı forumun media nümayəndələri üçün qarşılıqlı müzakirə mühiti yaratdığını, həmçinin xarici qonaqların Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərini və işğal dövrünün acı nəticələrini bilavasitə görmələri üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Prezidentin çıxışından əsas məqamlar:
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı
-
Dövlət başçısı Azərbaycan və Türkiyə münasibətlərini dünyada bənzərsiz adlandırıb. Siyasi, iqtisadi, enerji və insanlararası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident, dünyada bu iki ölkə kimi bir-birinə bu dərəcədə yaxın olan başqa bir nümunənin olmadığını bildirib.
Regional əməkdaşlıq və tranzit potensialı
-
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal rol oynadığını qeyd edən Prezident, qonşu dövlətlərlə, xüsusilə Mərkəzi Asiya, Gürcüstan və Avropa ölkələri ilə qurulan strateji əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulayıb.
-
Ölkənin tranzit mərkəzinə çevrilməsi üçün uzun illər ərzində ardıcıl siyasi, iqtisadi və infrastruktur addımlarının atıldığı qeyd olunub.
Azərbaycanın strateji coğrafi mövqeyi
-
Prezident bildirib ki, Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyəti gözləniləndən daha sürətlə artıb. Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycanın hava nəqliyyatı, eləcə də quru və dəniz yolları vasitəsilə beynəlxalq logistika sistemindəki rolu əhəmiyyətli dərəcədə yüksəlib.
Dövlət başçısı çıxışında əməkdaşlıq mühitinin enerji layihələrinin uğurla icrasında və nəqliyyat infrastrukturunun genişləndirilməsində təməl rol oynadığını bir daha diqqətə çatdırıb.