ABŞ Maliyyə Nazirliyi İrana qarşı neft sanksiyalarını yenidən qüvvəyə mindirib. Qərar Tehranın Hörmüz boğazında mülki ticarət gəmilərinə hücumlarından sonra qəbul edilib.
Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) yaydığı məlumata görə, iyunun 21-dən qüvvədə olan və İran nefti ilə müəyyən əməliyyatlara icazə verən “General License X” ləğv edilib.
Onun yerinə qüvvəyə minən “General License X1″ çərçivəsində İran nefti və neft məhsullarının yeni alışına, eləcə də yüklənməsinə artıq icazə verilmir. Daha əvvəl bağlanmış müqavilələrin icrası üçün şirkətlərə iyulun 17-dək keçid müddəti verilib. Həmin tarixdən sonra İran nefti ilə bağlı ABŞ dolları vasitəsilə aparılan əməliyyatlar tam qadağan ediləcək.
Qeyd olunur ki, ləğv edilən lisenziya Vaşinqton və Tehran arasında əldə olunmuş müvəqqəti razılaşmanın tərkib hissəsi idi. Həmin razılaşmaya əsasən, İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməli, bunun müqabilində isə ölkənin neft ixracına tətbiq olunan bəzi məhdudiyyətlər yumşaldılmalı idi.
ABŞ administrasiyası hesab edir ki, Hörmüz boğazında mülki ticarət gəmilərinə qarşı son hücumlar bu razılaşmanın şərtlərinin pozulması deməkdir. Bildirilir ki, hadisələrdən sonra dünya bazarında neftin qiyməti qısa müddətdə 5 faizdən çox bahalaşıb.