Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumları səngimək bilmir. İyulun 8-nə keçən gecə hər iki tərəf genişmiqyaslı raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar barədə məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya gecə saatlarında Ukrayna ərazisinə 7 raket və 169 müxtəlif tipli pilotsuz uçuş aparatı ilə zərbələr endirib. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 139 PUA-nı zərərsizləşdirib.
Rəsmi məlumata əsasən, bəzi raket və pilotsuz uçuş aparatları hədəflərinə çatıb. Nəticədə ölkənin bir sıra bölgələrində yaşayış və infrastruktur obyektlərinə ziyan dəyib. Paytaxt Kiyevdə də hücumlar nəticəsində dağıntılar qeydə alınıb, ölən və yaralananların olduğu bildirilir. Xilasetmə xidmətləri hadisə yerlərində axtarış-xilasetmə işlərini davam etdirir.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Ukraynanın da gecə ərzində ölkə ərazisinə genişmiqyaslı PUA hücumu təşkil etdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə vasitələri ümumilikdə 415 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.
Rusiya tərəfi bildirir ki, dronlar Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Ryazan və digər vilayətlər, həmçinin Moskva vilayəti, Krasnodar diyarı, Tatarıstan, ilhaq olunmuş Krım, eləcə də Azov və Qara dəniz akvatoriyası üzərində vurulub.
Tatarıstanın Nijnekamsk şəhərində PUA hücumu nəticəsində bir neçə sənaye müəssisəsinə ziyan dəydiyi, dəymiş maddi zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların aparıldığı bildirilib. Təhlükəsizlik məqsədilə Rusiyanın bəzi hava limanlarında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.