Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının mərkəzi hissəsində nəqliyyat hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə iki ödənişsiz şatl xətti istifadəyə verib. Yeni mikroavtobuslar ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığı artırmaq məqsədilə təşkil edilib.
Hansı marşrutlar üzrə işləyir?
AYNA-nın açıqlamasına görə, C1 nömrəli mikroavtobus Xaqani bağını Zərifə Əliyeva küçəsinin sonu ilə birləşdirir. C2 nömrəli mikroavtobus isə Sabir bağından Əziz Əliyev küçəsinin sonuna qədər marşrut keçir. Hər iki xətt üzrə şatllar 7–10 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
İş rejimi və xüsusiyyətləri
Bu mərhələdə şatllar yalnız həftəsonları və bayram günlərində, saat 12:00-dan 00:00-dək fəaliyyət göstərəcək. İstifadəyə verilən nəqliyyat vasitələri ekoloji cəhətdən təmiz olub, şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir. AYNA bildirib ki, layihə mərkəzdə piyada yönümlü və əlçatan şəhər mühitinin formalaşmasına töhfə verir.