Bakının Yasamal rayonunda yerləşən Hüseyn Cavid prospekti və Ayna Sultanova küçəsinin müəyyən hissələrində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək işlər çərçivəsində küçələrin asfalt örtüyü yenilənəcək.
Hüseyn Cavid prospektində, Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissədə təmir işləri 30 iyun saat 10:00-dan 3 iyul saat 07:00-dək aparılacaq.
Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan hissəsində isə asfaltlama işləri 1 iyul saat 08:00-dan 6 iyul saat 08:00-dək davam edəcək.
Təmir müddətində 7 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli marşrutlar müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələri ilə hərəkət edəcək.