İsrail Səhiyyə Nazirliyi ölkəyə Ebola virusunun daxil olmasının qarşısını almaq məqsədilə genişmiqyaslı sanitariya proqramına başlayıb.
Nazirlikdən bildirilib ki, İsrailin epidemioloji risk zonasına daxil olan Afrika ölkələri ilə birbaşa aviareysləri olmasa da, virusun tranzit uçuşlar vasitəsilə ölkəyə gətirilməsi ehtimalı nəzərə alınaraq xüsusi profilaktik tədbirlər hazırlanıb.
Proqrama əsasən, iyulun 1-dən etibarən əsas tranzit hava limanlarında sərnişinlərə Ebola virusu ilə bağlı məlumatlandırıcı materiallar paylanacaq. Eyni zamanda təyyarələrin əyləncə sistemlərinə xəstəliyin əlamətləri, yoluxmadan qorunma üsulları və səhhətdə qəfil pisləşmə halında görülməli tədbirlərlə bağlı maarifləndirici videolar yerləşdiriləcək.
Sərnişinlərə hər hansı simptom hiss etdikdə dərhal tibbi personalı məlumatlandırmaları tövsiyə olunur. Rəsmilər hesab edirlər ki, bu tədbirlər virusun üçüncü ölkələr üzərindən İsrailə gətirilməsi riskini minimuma endirəcək.
Səhiyyə Nazirliyi mütəxəssislərinin hazırda Konqo Demokratik Respublikası və Uqandadakı epidemioloji vəziyyəti fasiləsiz izlədiyini açıqlayıb. Məlumatlandırma kampaniyasının yaxın vaxtlarda daha çox beynəlxalq aviaşirkəti əhatə edəcəyi, həmçinin elektron poçt vasitəsilə xəbərdarlıq sisteminin genişləndiriləcəyi bildirilib.
İsrailin milli aviadaşıyıcısı El Al da səhiyyə qurumları ilə tam koordinasiyada işlədiyini təsdiqləyib. Şirkət risk qrupuna daxil olan ölkələrdən tranzitlə uçan sərnişinlərə elektron poçt vasitəsilə xəbərdarlıq məktubları göndərir.
İsrail hökuməti vurğulayıb ki, Afrikadakı epidemioloji vəziyyət pisləşərsə, ölkənin sanitariya nəzarəti və sərhəd tədbirləri dərhal daha da sərtləşdiriləcək. Rəsmilərin fikrincə, qlobal hava nəqliyyatının intensiv olduğu dövrdə belə qabaqlayıcı tədbirlər milli biotəhlükəsizliyin qorunması üçün xüsusi əhəmiyyət daşıyır.