Cari ilin sonuna qədər Azərbaycanda müasir suvarma sistemləri istehsalına ixtisaslaşmış daha bir müəssisə fəaliyyətə başlayacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Sübhan Rzayev “Regionların inkişafında sahibkarlığın rolu” konfransında bildirib.
Onun sözlərinə görə, yeni zavod damcı suvarma sistemləri istehsal edəcək. Beləliklə, ölkədə bu cür müəssisələrin ümumi sayı altıya çatacaq. Paralel olaraq Naxçıvanda da analoji istehsalın yaradılması istiqamətində işlər aparılır.
Hazırda Azərbaycanda müasir suvarma sistemləri istehsal edən beş zavod fəaliyyət göstərir. Onlardan üçü Şəmkir, Yevlax rayonu və Hacıqabulda yerləşən dövlət dəstəyi ilə yaradılıb.
Sübhan Rzayev qeyd edib ki, mövcud müəssisələr hər il 40-50 min hektar kənd təsərrüfatı sahəsini suvarma sistemləri ilə təmin etmək gücündədir.
“Lakin bu sahədə yüksək tələbat var, ona görə də hökumət dəstəyini davam etdirir.”
Agentlik nümayəndəsi həmçinin xatırladıb ki, hazırda ölkədə təxminən 100 min hektar ərazidə müasir suvarma texnologiyalarının tətbiqi üzrə işlər aparılır.