İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda hərbçilərinə hücumda iştirak edən “Hizbullah” silahlılarına qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə silahlının zərərsizləşdirildiyi bildirilir.
SAXAL-ın yaydığı məlumata görə, Əli-Tahir rayonunda baş verən silahlı insident zamanı İsrail zabiti orta dərəcəli xəsarət alıb. Hadisədən dərhal sonra İsrail Hərbi Hava Qüvvələri cavab əməliyyatı həyata keçirib.
Bildirilib ki, dəqiq hava zərbəsi nəticəsində hücumda iştirak edən bir neçə “Hizbullah” silahlısı məhv edilib. Ordu gecə baş verən atışmadan qısa müddət sonra əməliyyatın uğurla başa çatdığını təsdiqləyib.
SAXAL sosial şəbəkələrdə fəaliyyətini məhdudlaşdırır
Bununla yanaşı, SAXAL hərbi bölmələrin sosial şəbəkələrdə fəaliyyətinə dair yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
SAXAL-ın mətbuat xidmətinin rəhbəri, briqada generalı Efi Defrinin imzaladığı sərəncama əsasən, ordunun Instagram, Telegram, TikTok və Facebook platformalarındakı hesablarının əksəriyyətinin fəaliyyəti dayandırılacaq.
Yeni qaydalara əsasən, bundan sonra yalnız SAXAL-ın rəsmi səhifələri, qoşun növləri, komandanlıqları və mərkəzi idarələri sosial şəbəkələrdə paylaşım edə biləcək. Diviziyalar, briqadalar və digər qərargah strukturları isə müstəqil şəkildə məzmun dərc etmək səlahiyyətini itirəcək.
Hərbi qurumun məlumatına görə, qərar Knessetə keçiriləcək seçkilər ərəfəsində ordunun dövlət qurumu statusunu, siyasi neytrallığını və rəsmi məlumatların vahid şəkildə yayılmasını təmin etmək məqsədilə qəbul edilib. Qaydalardan istənilən istisna yalnız SAXAL-ın mətbuat xidmətinin rəhbərinin şəxsi təsdiqi ilə mümkün olacaq.
Mənbə: cursorinfo.co.il
