Azərbaycanda hüquq-mühafizə orqanları sosial şəbəkədə “Murad Sadə” ləqəbi ilə tanınan tiktoker Murad Qasımovu saxlayıblar. Onunla bağlı iş materialları məhkəməyə göndərilib və məhkəmə blogerə 30 sutka həbs şəklində inzibati cəza təyin edib.
İşin detalları və saxlanılmaya səbəb olan konkret məzmun hazırda rəsmi olaraq açıqlanmır. Yalnız o məlumdur ki, Murad Qasımov barəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai əxlaq normalarına zidd olan hərəkətlərə görə inzibati protokol tərtib edilib.
Protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə tərtib olunub. Bu maddə internetdə ictimai əxlaqı təhqir edən hərəkətlərin, o cümlədən qeyri-etik ifadələrin, təhqiredici jestlərin istifadəsi, habelə bədən üzvlərinin milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsinə görə tətbiq edilir.
Mənbə: news.day.az
