İsrailli alimlər mədəaltı vəzi xərçənginin müalicəsi üçün yeni eksperimental metodun klinik sınaqlarına start veriblər. Bu, dünyada məhz bu müalicə üsulunun sınaqdan keçirildiyi ilk klinik tədqiqat hesab olunur.
Yeni müalicə üsulu İsraildə hazırlanıb və xərçəng hüceyrələrinin böyüməsi, eləcə də orqanizmə yayılmasında mühüm rol oynayan mutasiyaya uğramış KRAS genlərini hədəf alır. Metod həmin genlərin fəaliyyətini dayandırmaq məqsədilə xüsusi hazırlanmış RNT (ribonuklein turşusu) molekullarından istifadəyə əsaslanır.
Klinik sınaqlar çərçivəsində eksperimental RNT terapiyası mövcud standart müalicə üsulları ilə birlikdə tətbiq olunacaq. Tədqiqat əsasən xəstəliyin yerli inkişaf etmiş mərhələsi diaqnozu qoyulan xəstələrin müalicəsinin effektivliyini və təhlükəsizliyini qiymətləndirməyi hədəfləyir.
Mütəxəssislər hesab edirlər ki, sınaqlar uğurlu nəticə verərsə, bu yanaşma mədəaltı vəzi xərçənginin müalicəsində yeni mərhələnin əsasını qoya və gələcəkdə digər KRAS mutasiyalı onkoloji xəstəliklərin müalicəsində də tətbiq oluna bilər.
Mənbə: jpost.com
