İran Omanın təklif etdiyi Hörmüz boğazının müvəqqəti birgə idarə olunması planını rədd edib və boğazın əsas hissəsinə nəzarətin Tehrana verilməsini tələb edib. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Omanın irəli sürdüyü plan Hörmüz boğazına nəzarətin İran və Oman arasında bərabər bölüşdürülməsini, həmçinin təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün regional təhlükəsizlik mexanizminin yaradılmasını nəzərdə tuturdu. Təşəbbüsə əsasən, gəmiçilik şirkətlərinin xilasetmə və naviqasiya xidmətlərinə görə könüllü ödənişlər etməsi təklif olunurdu.
Mənbələrin bildirdiyinə görə, bu təklifin əsas məqsədi Hörmüz boğazında gəmi hərəkətini bərpa etmək və ABŞ ilə İran arasında münaqişənin dayandırılması ilə bağlı danışıqların yenidən başlanmasına şərait yaratmaq idi.
Lakin İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi WSJ-yə açıqlamasında bildirib ki, boğaza giriş dəniz dəhlizi tam şəkildə Tehranın nəzarətində olmalıdır. Onun sözlərinə görə, Omana yalnız çıxış marşrutunun bir hissəsinə nəzarət etmək hüququ verilə bilər.
İran tərəfi həmçinin bəyan edib ki, Oman bu tələblə razılaşmayana qədər ABŞ ilə danışıqların növbəti mərhələsinə keçməyəcək.
Danışıqlarda fikir ayrılığına səbəb olan digər məsələ maliyyə mexanizmi olub. Tehran Hörmüz boğazından keçən bütün gəmilər üçün məcburi ödənişlərin tətbiqini tələb edir. Oman və Fars körfəzi ölkələri isə yalnız könüllü ödəniş mexanizmini dəstəkləyirlər.
“The Wall Street Journal” qeyd edir ki, tərəflər arasında mövcud olan bu fikir ayrılığı Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin qısa müddətdə bərpasına yönəlmiş vasitəçilik səylərini çətinləşdirir.
Qeyd edək ki, mövcud münaqişəyə qədər dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Hazırda isə bu bölgədə beynəlxalq səviyyədə tanınan dəniz dəhlizləri üzrə gəmi hərəkəti ciddi şəkildə çətinləşib.
Mənbə: newsru.co.il
