İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubundakı təhlükəsizlik zonasında “Hizbullah”a məxsus olduğu iddia edilən silah-sursatın axtarışı və məhv edilməsi üzrə əməliyyatların davam etdiyini açıqlayıb.
SAXAL-ın məlumatına görə, 91-ci diviziyanın bölmələri son günlər ərzində bölgədə onlarla silah və hərbi avadanlıq aşkar edib. Tapılanlar arasında “Kalaşnikov” avtomatları, RPG qumbaraatanları, partlayıcı qurğular, əl qumbaraları, patron daraqları və digər hərbi təyinatlı vasitələrin olduğu bildirilib.
Bundan əlavə, ordunun açıqlamasında qeyd olunub ki, Ras Beyada bölgəsində İsrail hərbçilərinin mövqelərinə yaxınlaşan şübhəli şəxs müşahidə edilib. Hərbçilər əvvəlcə xəbərdarlıq məqsədilə havaya atəş açıblar. Şəxs dayanmaq əmrinə tabe olmadıqdan sonra təhlükəni zərərsizləşdirmək məqsədilə ona atəş açılıb.
İsrail ordusu hadisə nəticəsində şübhəli şəxsin taleyi barədə məlumat verməyib.

