İyunun 15-i axşamı İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında razılaşma elan edildikdən sonra ilk dəfə mətbuatla görüşüb. Bu, həm də onun mart ayından bəri ivrit dilində keçirdiyi ilk mətbuat konfransı idi.
Netanyahu bildirib ki, ABŞ ilə İran arasında əldə olunan razılaşma İsrailin İranın nüvə proqramına dair mövqeyini dəyişdirməyəcək. "On illərdir ki, İranın nüvə silahı əldə etmək cəhdləri ilə mübarizə aparıram. Bu, bütün ömrümün missiyasıdır. Razılaşma olsun, ya olmasın, İranın nüvə silahı olmayacaq. Mən İsrailin baş naziri olduğum müddətdə bu, baş verməyəcək", – baş nazir qeyd edib.
Mətbuat konfransı Vaşinqton və Tehran arasında razılaşma ilə bağlı İsraildəki narazılıq və Netanyahu hökumətinə qarşı kəskin tənqidlər fonunda baş tutub.
Netanyahu bildirib ki, İsrailin İrana qarşı hərəkətləri "dərhal məhv təhlükəsini uzaqlaşdırmağa" imkan verib.
"Eşidirəm ki, insanlar soruşur: nəyə nail olduq? Biz ani məhv təhlükəsini özümüzdən uzaqlaşdırdıq", – baş nazir deyib. O əlavə edib ki, İsrail İranın nüvə proqramına, raket istehsalına və İran rejimi ilə əlaqəli strukturlara ciddi zərər vurub. Onun sözlərinə görə, İran iqtisadiyyatına əhəmiyyətli zərər dəyib və onun bərpası onilliklər çəkə bilər.
"Əgər hərəkət etməsəydik, indi məni dinləyən hər kəs ölüm təhlükəsi altında olardı", – Netanyahu deyib. Onun sözlərinə görə, İsrail öz əhalisinin məhv edilməsi təhlükəsini "illər boyu" uzaqlaşdırıb.
Bununla yanaşı, baş nazir İranla mübarizənin bitmədiyini təkrarlayıb. "Biz özümüzü qorumaq üçün ayıq, güclü və qətiyyətli qalmalıyıq. Bu, təkcə İrana deyil, Qəzza və Livana da aiddir", – o bildirib.
Netanyahu Livan müharibəsi zamanı İsrailin bir sıra nailiyyətlərini sadalayıb. "Biz minlərlə terrorçunu məhv etdik, saysız-hesabsız terrorçu infrastruktur obyektlərini dağıtdıq. Bütün girovlarımızı geri qaytardıq. Nəsrullanı məhv etdik, "peycer" əməliyyatını həyata keçirdik, Hizbullahın minlərlə raketini məhv etdik".
"Xatırlayırsınızmı, bizə deyilirdi: Əgər Hizbullahla döyüşsək, on minlərlə ölümüz olacaq, Təl-Əvivdə, Hayfada, Qüdsdə, Beer-Şevada göydələnlər dağılacaq, İsrail xarabalıqlara çevriləcək. Bunu xatırlayırsınız. Mən bunu qəbul etmədim. Biz onlarla vuruşduq – və necə də vuruşduq. Biz onların əsas mövqelərini, o cümlədən illərdir Hizbullahın şimaldakı yaşayış məntəqələrini, əslində isə bütün ölkəni təhdid etdiyi Boforu ələ keçirdik".
Baş nazir müharibə zamanı Qəzza, Livan və Suriyada "İran oxu"nun dağıdıldığını bildirib.
Baş nazir deyib ki, İsrail Müdafiə Qüvvələri İsrail ətrafında – Qəzza, Livan və Suriyada "təhlükəsizlik zonaları" yaradıb. "7 oktyabrdan sonra mən sadə bir prinsip müəyyən etdim: İsrail terror təşkilatlarının sərhədlərimizin yaxınlığında yerləşməsinə, ərazimizə terror tunelləri qazmasına və vətəndaşlarımızın yaxınlığında qırğınlara hazırlaşmasına icazə verməyəcək. Bu gün İsrail Müdafiə Qüvvələrinin qəhrəman döyüşçüləri terrorçularla vətəndaşlarımız arasında dayanır. Əslində, biz bütün təhlükəsizlik konsepsiyamızı dəyişdirdik. Biz özümüz də dəyişdik. Biz qorxu baryerini aşdıq. Biz təşəbbüs göstəririk, hücum edirik, düşməni təəccübləndiririk və həyatımıza qəsd edənləri vururuq", – o deyib və əlavə edib ki, İsrail lazım olduğu qədər "təhlükəsizlik zonalarında" qalacaq.
"Və bu gün, bütün bunlara nail olduqdan sonra, nailiyyətlərimizi kiçiltmək, böyük uğurlarımızı dəyərsizləşdirmək istəyənlər var. Mən isə sizə deyirəm: biz daha çox şeyə nail olacağıq. Biz regiondakı təhdidlərin qarşısını almağa davam edəcəyik, region ölkələri ilə və ondan kənarda yeni ittifaqlar quracağıq. Biz silah sahəsində müstəqilliyimizi təmin edəcəyik – bu, mənim müəyyən etdiyim başqa bir prinsipdir və mən müdafiə büdcəsinə 350 milyard şekel əlavə edirəm. Biz təsəvvürün sərhədlərini genişləndirən texnologiyalar inkişaf etdirəcəyik və İsraili daha güclü bir dövlətə çevirəcəyik. Çünki gücümüz gələcəyimizin, təhlükəsizliyimizin, iqtisadiyyatımızın, ittifaqlarımızın açarıdır. İttifaqlar güclülərlə qurulur və İsrail bu gün çox güclü bir ölkədir. Və o, sizin sayənizdə, İsrail vətəndaşları, güclüdür", – baş nazir deyib.
ABŞ prezidenti Donald Tramp ilə münasibətlərdən danışarkən, Netanyahu onların uzun illərdir bir-birini tanıdığını, lakin qiymətləndirmələrdə hər zaman tam üst-üstə düşmədiyini bildirib. "Bəzi hallarda məsələlərə eyni cür baxırıq, bəzi hallarda isə qiymətləndirmələrimizdə razılaşmırıq. Mən İsrailin maraqlarını qışqıraraq deyil, ağıllı şəkildə müdafiə edirəm", – baş nazir deyib.
Jurnalistlərin Knessetdə növbəti seçkilərdə namizəd olmaq niyyətində olub-olmadığı barədə sualına Netanyahu müsbət cavab verərək, təkcə seçkilərdə iştirak etməyəcəyini, həm də qalib gələcəyini bildirib.