Tailandın cənubundakı Narativat əyalətində nəzarət-buraxılış məntəqəsinə təşkil edilən silahlı hücum nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb.
İlkin məlumata görə, qara geyimli təxminən 10 nəfərdən ibarət silahlı qrup yük maşını, pikap və motosikletlə hadisə yerinə gəlib. Terrorçular avtomat silahlardan və əldəqayırma partlayıcı qurğulardan istifadə edərək nəzarət-buraxılış məntəqəsinə qəfil hücum həyata keçiriblər.
Tailand hakimiyyəti bildirib ki, terrorçular hücumdan sonra təhlükəsizlik qüvvələrinə məxsus silah və sursatı ələ keçirərək hadisə yerindən qaçıblar. Hazırda hüquq-mühafizə orqanları hücumda iştirak edən şəxslərin axtarışını davam etdirir.
Hadisəyə görə indiyədək heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Narativat, Yala və Pattani Tailandın ən cənub əyalətləridir və ölkədə müsəlman əhalinin çoxluq təşkil etdiyi yeganə bölgələr hesab olunur. Bu ərazilərdə 2004-cü ildən bəri separatçı qruplarla hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. Uzun illərdir davam edən münaqişə nəticəsində minlərlə insan həyatını itirib.