2026-cı ilin birinci yarısında İsrail dünyada siyasi motivli DDoS hücumlarının əsas hədəfi olub. Ölkənin payına bu cür insidentlərin ümumi sayının 16,9%-i düşüb ki, bu da 2025-ci ildəki 12,2%-lik göstərici ilə müqayisədə artım deməkdir.
Jnews.az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Radware” şirkətinin hesabatına əsasən, hesabat dövründə haker qruplaşmaları İsrail təşkilatlarına qarşı 784 hücum həyata keçirdiklərini açıqlayıblar.
Müqayisə üçün qeyd edək ki, ikinci yeri tutan Ukraynaya qarşı 390, ABŞ-a qarşı 359, Böyük Britaniyaya qarşı isə 285 hücum qeydə alınıb.
“Radware” analitikləri kiberfəallığın artımını geosiyasi hadisələrlə əlaqələndirirlər. Xüsusilə 2026-cı ilin mart ayında İranla münaqişənin gərginləşməsindən sonra dünyada bir ay ərzində qeydə alınan DDoS hücumlarının sayı 103% artaraq 1308-ə çatıb.
İsrail, ABŞ və Fars körfəzi ölkələrinə qarşı kampaniyalarda İranpərəst, Qərb əleyhinə və Rusiyayönlü strukturlar da daxil olmaqla, təxminən 60 qruplaşma iştirak edib. Ən fəal qruplaşma isə “Radware”in monitorinq sistemi tərəfindən qeydə alınan bütün hücumların 40,5%-ni həyata keçirən Rusiyayönlü “NoName057″(16) qrupu olub.
Hakerlərin əsas hədəfi olaraq qalan dövlət strukturlarının payına bütün hücumların 37,2%-i düşüb. Ümumilikdə, dünya üzrə veb-tətbiqlərə edilən hücumların sayı 2025-ci ilin birinci yarısı ilə müqayisədə 110,6% artıb.
“Radware” vurğulayır ki, təqdim olunan statistika qruplaşmaların özlərinin ictimai bəyanatlarına və monitorinq məlumatlarına əsaslanır. Ekspertlər qeyd edirlər ki, hücum barədə bəyanatın olması hər zaman hədəf sistemlərin fəaliyyətinin pozulması demək deyil.
Mənbə: newsru.co.il
