Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında sosial və mədəni sahələrdə əməkdaşlığın inkişafına həsr olunmuş işgüzar görüş keçirilib. Görüş Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baş tutub.
Jnews.az xəbər verir ki, görüş iki ölkənin müdafiə nazirlikləri arasında 2026-cı il üçün nəzərdə tutulan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilib. Əsas müzakirə mövzusu hərbi qulluqçuların mədəni və sosial təminatı ilə bağlı məlumat mübadiləsi, eləcə də şəxsi heyətin məzuniyyət və istirahətinin təşkili üçün aidiyyəti müəssisələrdən səmərəli istifadə məsələləri olub.
Görüş zamanı Azərbaycan tərəfi ölkə ordusunun hərbi qulluqçularının asudə vaxtının təşkili istiqamətində görülən işlər barədə hesabat təqdim edib. İştirakçılar bu sahədə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub və birgə foto çəkdirilib.
Mənbə: report.az
