Yenilənib: Sentyabr 3, 2026 2:07 axşam
Sentyabrın 3-də Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərilib.
Jnews.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Balacarı stansiyasından Böyük Kəsik stansiyası istiqamətində ümumilikdə 989 ton dizel yanacağı olan 17 sistern yola salınıb.
Qurumun məlumatına görə, bu günədək Azərbaycandan Ermənistana ixrac edilən dizel yanacağının ümumi həcmi təxminən 15 min ton təşkil edib. Bu göstəriciyə AI-92 və AI-95 markalı benzin tədarükü də daxildir. Benzin tədarükünün həcmi isə təxminən 5 min tona çatıb.
Bundan əlavə, Azərbaycan ərazisindən Rusiya-Ermənistan marşrutu üzrə tranzit yüklərin daşınması da həyata keçirilir. Hazırda tranzit daşımaları çərçivəsində 55 min tondan çox taxıl və təxminən 9 min ton gübrə daşınıb.
Eyni zamanda, Rusiya ərazisindən Azərbaycan infrastrukturu vasitəsilə Ermənistana 1 414 ton propan, 1 114 ton kömür, 334 ton meşə materialı və 133 ton alüminium daşınıb.
