Sosial şəbəkələrdə Bakının Mərkəzi parkında yerləşən “Təndir hamamı” memarlıq abidəsi və yaxınlıqdakı qədim quyunun yanında quraşdırılmış məlumat lövhələrinin zədələnməsi ilə bağlı məlumatlar yayılıb.
Jnews.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən məlumat lövhələri dövlət tərəfindən quraşdırılmayıb və rəsmi standartlara cavab vermir.
Qeyd olunub ki, həmin lövhələr ərazidə abadlıq işləri aparılan zaman quraşdırılıb.
Hazırda Dövlət Xidməti tərəfindən tarixi-mədəni irs obyektlərində rəsmi məlumat lövhələrinin quraşdırılması üzrə mərhələli layihə həyata keçirilir. Məlumata görə, ötən il ərzində 1282 abidədə bu cür məlumat lövhələri yerləşdirilib.
Dövlət Xidmətinin planlarına “Təndir hamamı”nda da rəsmi məlumat lövhəsinin quraşdırılması daxildir.
Qurumun nümayəndələri bildiriblər ki, mövcud lövhələrin zədələnməsi məsələsi araşdırılması üçün nəzarətə götürüləcək.
Qeyd edək ki, “Təndir hamamı” yerli əhəmiyyətli memarlıq abidəsidir. Abidənin vəziyyətinə nəzarəti Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi həyata keçirir.
Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ildə abidədə bərpa işləri aparılıb.
Mənbə: oxu.az
