Nepalın şimal rayonlarını bürüyən daşqın nəticəsində ölənlərin sayı 1000-i ötüb. Sentyabrın 1-nə olan məlumata görə, Nepal Xarici İşlər Nazirliyi 987 nəfərin öldüyünü təsdiqləyib. Tibetin sərhədyanı ərazilərində isə Çin hakimiyyəti daha 16 nəfərin öldüyünü açıqlayıb.
Jnews.az xəbər verir ki, təbii fəlakət nəticəsində təxminən 4500 nəfər itkin düşüb. Onlardan 3925 nəfər Nepalda, 546 nəfər isə Tibetin cənub-qərb hissəsində itkin hesab olunur. İtkin düşənlər arasında 30-dan çox ölkədən təxminən 850 xarici işçi, zəvvar və turist var. Siyahıda həmçinin Belarus pasportuna da sahib olan 41 yaşlı İsrail vətəndaşı qadının adı yer alır.
Faciəyə zəlzələ səbəb olub
Fəlakətin səbəbi avqustun 26-da səhər saatlarında baş verən 4,7 maqnitudalı zəlzələ olub. Zəlzələnin səbəb olduğu torpaq sürüşməsi Bhotekoşi çayının qarşısını kəsib. Daha sonra yaranmış bənd dağılıb və böyük su axını meydana gəlib.
Saatda 180 kilometr sürətlə hərəkət edən su axını yolları, körpüləri və hidroenergetika obyektlərini dağıdıb. Rasuva və Nuvakot rayonları xüsusilə ciddi zərər görüb.
Axtarış-xilasetmə işləri davam edir
Xilasetmə əməliyyatları gecə-gündüz davam etdirilir. Əsas diqqət hidroelektrik stansiyalar kompleksinin tunellərində qalmış insanların axtarışına yönəldilib.
Xilasedicilər bağlı sahələrə daxil olmaq üçün əlavə texnikadan və partlayıcı maddələrdən istifadə edirlər. Lakin indiyədək həmin ərazilərdən insanların xilas edilməsi barədə məlumat verilməyib. Tunellərdə qalan şəxslərin oksigen çatışmazlığından ölmüş ola biləcəyindən ehtiyat edilir.
Minlərlə insan yardıma ehtiyac duyur
Beynəlxalq Qızıl Xaç Komitəsinin qiymətləndirməsinə görə, yaralananlar və evlərini itirənlər də daxil olmaqla, fəlakətdən zərər çəkənlərin sayı 90 min nəfəri ötür.
Nepala 42 milyon dollar həcmində beynəlxalq yardım göstərilib. Fəlakətin nəticələrinin aradan qaldırılmasına Hindistan və Çindən olan mütəxəssislər də cəlb olunub. Onlar müvəqqəti keçidlərin salınmasına və dağıntıların təmizlənməsinə kömək edirlər.
İsrail XİN-dən açıqlama
İsrail Xarici İşlər Nazirliyi itkin düşən İsrail vətəndaşının ailəsi ilə əlaqə saxlayıb və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
Nazirlik bölgədə olan İsrail vətəndaşlarını yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə, fəlakət zonalarından uzaq durmağa və Katmandudakı İsrail səfirliyi ilə əlaqəni davam etdirməyə çağırıb.
Mənbə: vesty.co.il




