Bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişikliklər tətbiq ediləcək.
“Bakı Metropoliteni” QSC-dən Jnews.az-a verilən məlumata görə, stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyunla bağlı sərnişin sıxlığının artacağı ehtimalını nəzərə alan qurum, ehtiyat qatarları xəttə buraxılmağa hazır vəziyyətdə saxlayacaq.
Bundan əlavə, sərnişin axınının tənzimlənməsi üçün növbətçilik əsasında əlavə işçi qüvvəsi cəlb olunacaq. “Nərimanov” və “28 May” stansiyalarında da zəruri əlavə tədbirlərin görülməsi nəzərdə tutulub.
Qurumdan bildirilib ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam edəcək.
